03.06.2021

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib

İyunun 3-də Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev, nazir müavinləri, nazirliyin əməkdaşları, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, direktor müavinləri və institutun kollektivi iştirak edib.

Tədbiri açıq elan edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayıb və Ənvər Abbasovu 70 illik yubileyi münasibətilə təbrik edib. Rüfət Əzizov Ənvər Abbasovun Azərbaycan pedaqoji fikrinin formalaşmasında və təhsil islahatlarının həyata keçirilməsində əvəzsiz xidmətləri və daim yeni yanaşmalara açıq olan bir peşəkar elm xadimi kimi fəaliyyəti haqqında çıxış edib.

Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev Ənvər Abbasovu təbrik edib, cansağlığı arzulayıb. Nazir Ənvər Abbasovun milli təhsilin inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanda yeni təhsil islahatları, xüsusilə kurikulum sahəsində göstərdiyi xidmətləri vurğulayıb. Emin Əmrullayev, həmçinin  Ənvər Abbasovun bütün şəxsi keyfiyyətləri ilə müəllim adını şərəflə daşıyan bir təhsil fədaisi olduğunu deyib.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov Ənvər Abbasovun gələcək nəsillərə nümunəvi bir şəxsiyyət olduğunu bildirib.

Sonda çıxış edən Ənvər Abbasov öz növbəsində tədbirin təşkilatçılığına görə təşəkkürünü ifadə edib və bu yaxınlarda 90 yaşı tamam olacaq Təhsil İnstitutunun nailiyyətləri, gələcək fəaliyyəti və Azərbaycan təhsilinin inkişafındakı mühüm rolunu qeyd edib.