29.05.2021

"Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr" mövzusunda vebinar keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən “Təhsil İnstitutu - 90” adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin növbəti tədbiri 27 may tarixində “Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda keçirilib. Tədbirin moderatoru ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov olub.

Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edib. Elxan Bəylərov çıxışında ARTİ-nin tarixində Psixologiya və xüsusi təhsil şöbəsinin yaranması və fəaliyyəti haqqında məlumat verib. Hal-hazırda şöbə intellekt nəzəriyyələri, intellektin inkişafı, cinsi tərbiyə, deviant davranış, proyektiv davranış, təxəyyülün inkişafı, təlim motivasiyası, təhsilə psixoloji dəstək kimi aktual mövzular üzərində işləyir, bir sıra layihələrdə iştirak edir.

Spiker sağlam təhsil və bunun üçün tələb olunan şərtlər, ARTİ-nin bu istiqamətdə göstərdiyi fəaliyyət, aparılan tədqiqatlar və nəticələr haqqında danışıb. E.Bəylərov məktəbli intiharları haqqında çıxış edərkən bu halların qarşısının alınması üçün cəmiyyətin və ailənin üzərinə düşən məsələləri vurğulayıb. Daha sonra istedadlı uşaqların müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və potensialının gerçəkləşdirilməsi ilə bağlı həyata keçirilən fəaliyyətlərə və tədqiqatlara toxunan spiker bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunması üçün zəruri olan məqamlar haqqında çıxış edib.

Tədbirin sonunda Elxan Bəylərov vebinar iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə 200-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxs iştirak edib.