29.04.2021

Namiq Nağıyevin əziz xatirəsinə

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev 30 iyun 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Ali təhsilini bakalavr və magistratura pilləsi üzrə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Aspirantura təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutununda davam etdirib. 

Namiq Nağıyev 2003-cü ildən etibarən Lənkəran, Sumqayıt və Bakıda müxtəlif lisey və gimnaziyalarda müəllim kimi fəaliyyət göstərib. Əmək fəaliyyətini 2016-2019-cu illərdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Qiymətləndirmə şöbəsinin müdiri, daha sonra direktor müavini olaraq davam etdirib. 2019-2020-ci illərdə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

10 dekabr 2020-ci il tarixində Təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru təyin olunub.

ABŞ, Almaniya, Hollandiya, Çin Xalq Respublikası, Cənubi Koreya Respublikasında, həmçinin ölkə daxilində təhsil sahəsi üzrə çoxsaylı təlimlərin iştirakçısı olub, beynəlxalq iştirakçı və məzun sertifikatlarına layiq görülüb. Azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilirdi.

Namiq Nağıyev 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticəni göstərib.

O, təhsil islahatları istiqamətində həyata keçirilən bir çox layihələrin icrasında iştirak edib. Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əvəzsiz xidmətləri olub.

Qısa müddət ərzində Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin effektiv fəaliyyətini təmin edib. Covid-19 pandemiyası səbəbilə tətbiq edilən distant təhsil üzrə metodistlərin və tədris işçilərinin distant təhsilin təşkili ilə bağlı yaranmış suallarını və təkliflərini ünvanlaması üçün Qaynar xəttin istifadəyə verilməsini təşkil edib.

28 aprel 2021-ci il tarixində vəfat edib. Ailəli idi, 3 övladı var.

Azərbaycanın təhsil sahəsində mühüm töhfələri olan Namiq Nağıyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Allah rəhmət eləsin...