26.04.2021

"Ehtiyat dərsliklər" layihəsi çərçivəsində müəllif komandasının görüşü keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Ehtiyat dərsliklər” layihəsi çərçivəsində 4-cü sinif riyaziyyat dərsliyinin 1-ci hissəsinin hazırlanması istiqamətində müəllif komandasının görüşü keçirilib.

Görüş zamanı müzakirəyə çıxarılan mövzular “Üçrəqəmli və dördrəqəmli ədədlərin birrəqəmli ədədə vurulması” və “Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması” olub.

Müzakirələrdə layihənin rəhbəri Zaur İsayev, Türkiyəli mütəxəssis Kürşat Erbaşı, müəlliflərdən Mənsur Məhərrəmov, İlahə Rüstəmova, Solmaz Abdullayeva, Xədicə Qasımova, Günay Hüseynzadə, layihənin koordinatoru Gülnar Aşurova, müəllimlərdən Əliyeva Xatirə, Əsədova Sevinc iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, sözügedən layihə çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ehtiyat dərsliklər hazırlanır. Ehtiyat dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır.  Tədris resursları kütləvi istifadədən əvvəl sınaqdan keçirilir. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq edilir, sınaq prosesinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır, ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunur və ictimai rəy öyrənilir.