08.04.2021

"Müasir elmi-tədqiqat müəssisəsi" adlı vebinar keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu 7 aprel 2021-ci il tarixində “Müasir elmi-tədqiqat müəssisəsi” adlı vebinar keçirib. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutub.

Vebinarda spiker qismində Auburn Universitetində dosent kimi fəaliyyət göstərən Rəşad Kərimov çıxış edib. Rəşad Kərimovun məruzəsində “Elmi tədqiqat nədir, kimlər tərəfindən və nə üçün aparılır?”, “Elmi tədqiqatlar necə maliyyələşdirilir?”, “Elmi tədqiqatların nəticələri nədir və necə paylaşılır?”, “Universitetlərdə elmi tədqiqat prosesinin təşkili”, “Elmi tədqiqatların təhsilə və cəmiyyətə töhfələri” kimi mövzular əhatə olunub.

Beynəlxalq təcrübələri əsas götürərək çıxış edən spiker fundamental və tətbiqi elmi araşdırmalar haqqında danışarkən tədqiqatların əsasən akademik müəssisələr, dövlət qurumları və sənaye sektorunda aparıldığını bildirib. Uğurlu tədqiqat aparmağın vacib amilləri sırasında düzgün kadr siyasəti, dövlət tərəfindən texniki təchizatın təminatı, akademik azadlıq və sahibkarlıq mühiti kimi faktorlar vurğulanıb. Həmçinin, sənaye, dövlət və universitetlər arasındakı əməkdaşlığın elmi tədqiqatların aparılmasında mühüm rol oynadığı qeyd olunub.

Spiker daha sonra universitetlərdə elmi araşdırmaların təşkili prosesi, elmi tədqiqatların tədrisə təsiri, elmin təbliğatında orta məktəb müəllimləri tərəfindən şagirdlərdə elmə maraq oyadılması və  elmi təfəkkürün formalaşmasına dəstək verilməsinin əhəmiyyətini qeyd edib.

200-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.