07.04.2021

"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər təşkil olunub

Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihəni icra edir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər təşkil olunub.

UNICEF tərəfindən hazırlanan "Əsas həyat bacarıqları" proqramının əsas məqsədi cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatlarında rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra bacarıqlara yiyələnməsidir. Belə ki, təlimlər zamanı yeniyetmələrə “Stresin idarə olunması”, “Emosiyaların tənzimlənməsi”, “Sağlam özünü qiymətləndirmə”, “Fəal dinləmə”, “Empatiya”, “Dayanaqlıq” kimi bacarıqların aşılanması, inkişaf etdirilməsi və tətbiqi hədəf olaraq qarşıya qoyulub.

Cari ilin mart ayından etibarən pilot layihə kimi Ağdam, Bərdə və Tərtərin 3 bölgəsindəki 100 nəfər müəllim "Əsas həyat bacarıqları" proqramı üzrə yeniyetmələrin sosial və emosional bacarıqlarını inkişaf etdirmək məqsədilə 12 saatlıq təlimlərdə iştirak edib. Qeyd edək ki, 100 nəfər müəllim  üçün bu istiqamətdə təlimlər aprel-may aylarında da davam edəcək. Təlim keçən müəllimlər tərəfindən yeniyetmələr üçün "Əsas həyat bacarıqları" üzrə məşğələlər də keçirilir.