13.03.2021

"Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazasının açılış tədbiri keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu 13 mart 2021-ci il tarixində “Kibertəhlükəsizlik” təlim layihəsinin üçüncü fazasının açılış tədbirini keçirib.

Tədbirdə açılış nitqi ilə İnstitutun direktoru Rüfət Əzizov çıxış edib. R.Əzizov çıxışında rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə istər ölkəmiz, istərsə də bütün dünyada kiberhücumlarla bağlı problemlərin artdığını və kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, məhz bu səbəbdən tələbələrin belə təlim layihələrində iştirakı onların günümüzün və gələcəyin aktual peşə sahələrinə yönləndirilməsini təşviq edir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin yetişdirilməsinin həmin sahələrdən olan qlobal şirkətlərin ölkəmizə axınını sürətləndirəcəyini bildirib.

Daha sonra çıxış edən Təhsil İnstitutunun Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar şöbəsinin müdiri, “Kibertəhlükəsizlik” təlim layihəsinin koordinatoru Səbinə Babayeva bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsini artırmaq, bu sahədə mütəxəssislərin yetişdirilməsinə, həmçinin informasiya cəmiyyətinin və kibertəhlükəsizlik icmasının qurulmasına dəstək verməkdən ibarətdir.

Onlayn formatda keçirilən tədbirdə təlimçi qismində xaricdə təhsil alan, kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşan həmyerlilərimiz Pərvin Sadıqova və Miraqşin Abutalıbov çıxış ediblər. Nəzərinizə çatdıraq ki, Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə "King's College London"da kompüter elmləri namizədidir. Digər təlimçi Miraqşin Abutalıbov isə Oksford Universitetində proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə magistr tələbəsidir.