11.03.2021

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

8 və 10 mart 2021-ci il tarixlərində informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışlarında ümumilikdə 6000-dən çox şagird iştirak edib. 

İnformatika üzrə olimpiada ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Olimpiadada şagirdlərə  həll etmək üçün 5 alqoritmik məsələ təqdim edilib.

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə respublika fənn olimpiadalarının yarımfinal turu isə Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib.

 

Yarımfinal turunun nəticələrinə əsasən finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.

 

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.