03.03.2021

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.

 

8 mart 2021-ci il tarixində informatika fənni, 10 martda isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu baş tutacaq. Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun şəkildə ölkə üzrə 37 mərkəzdə təşkil olunacaq. Ümumilikdə 6205 nəfər şagird bu mərhələdə iştirak hüququ qazanıb. Yarımfinal turunda 9-cu sinif şagirdləri və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu üzrə, 10 və 11-ci sinif şagirdləri yuxarı yaş qrupu üzrə öz biliklərini sınayacaqlar.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.