01.03.2021

Beynəlxalq olimpiadalara riyaziyyat fənni üzrə hazırlaşan şagirdlər arasında seçmə imtahanları keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 23 və 25 fevral 2021-ci il tarixlərində beynəlxalq olimpiadalara riyaziyyat fənni üzrə hazırlaşan şagirdlər arasında Avropa Qızlar Riyaziyyat Olimpiadasına seçmə imtahanı keçirilib. 2 gün davam edən imtahan nəticələri əsasında ölkəmizi təmsil edəcək 4 nəfər şagird müəyyənləşəcək. Qeyd edək ki, 2012-ci ildən keçirilən bu olimpiadaya məktəblilərimiz 2016-cı ildən etibarən qoşularaq bugünə qədər 4 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıblar. Bu il Avropa Qızlar Riyaziyyat Olimpiadası 9-15 aprel tarixlərində Gürcüstanın Kutaisi şəhərində hibrid formada baş tutacaq.

 

Bundan əlavə, 27 fevral 2021-ci il tarixində Qafqaz Riyaziyyat Olimpiadasına aşağı yaş qrupu üzrə şagirdlərin seçmə imtahanı keçirilib. Təşkilati qaydalara əsasən olimpiadaya hər bir yaş qrupu üzrə (aşağı və yuxarı) hər ölkədən 2 nəfər şagird qatıla bilər. 2015-ci ildən start götürən olimpiadaya məktəblilərimiz 2019-cu ildən etibarən qatılaraq bugünə qədər 3 qızıl, 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər. Nəzərinizə çatdıraq ki, bu il Qafqaz Riyaziyyat Olimpiadası 12-17 mart tarixlərində Rusiya Federasiyasının Maykop şəhərində onlayn formada keçiriləcək.