19.02.2021

''Tərbiyəçi-müəllim" ixtisasına daxil olan modullar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində növbəti dərs vəsaiti hazırlanıb. Vəsaitdə “Tərbiyəçi-müəllim (məktəbəqədər)” ixtisasına daxil olan “Ailələrlə işin həyata keçirilməsi” modulunda uşağın inkişafı və sağlamlığını dəstəkləmək üçün ailələrlə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyəti və ən səmərəli əməkdaşlıq metodları haqqında məlumat verilib. Həmçinin istər ev, istərsə də bağça və ya məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafını dəstəkləyən mühitin yaradılması ilə bağlı müəyyən tövsiyələr qeyd olunub. Bu modul bir təlim nəticəsi və beş qiymətləndirmə meyarından ibarətdir.

Bu ixtisasa daxil olan “Gündəlik xidmətlərin həyata keçirilməsi” modulunda uşağa sağlamlıq vəziyyətinə uyğun olaraq mədəni-gigiyenik vərdişlərin aşılanması, onun gündəlik rejiminin düzgün şəkildə təşkil olunmasının yolları göstərilib. Modul 2 təlim nəticəsindən ibarətdir və hər bir təlim üzrə qiymətləndirmə meyarlarının məzmunu dərs vəsaitində açıqlanıb.

“İnkişafetdirici, dəstəkləyici və təhlükəsiz mühitin yaradılması” hesab olunan 3-cü modulda 2 təlim nəticəsi və qiymətləndirmə meyarları qeyd olunub. Bu modulu tamamlayan tələbə təlim nəticələrinə uyğun olaraq inkişafetdirici, dəstəkləyici mühit yaratmaq və həmçinin bu mühitdə təhlükəsizlik baxımından da düzgün davranış qaydalarını müəyyən etmək qabiliyyətinə malik olacaq. İstənilən mühitin yaradılmasında əsas məqsəd uşaqların inkişafını, fiziki və əqli sağlamlığının qorunmasını təmin etməkdir.

Bu ixtisasda sonuncu modul hesab olunan “Təlim-tərbiyə və inkişaf prosesinin həyata keçirilməsi”ndə uşaqların inkişafının 4 əsas istiqamətinin vacibliyi və səmərəliliyi diqqətə çatdırılıb: fiziki, idraki, sosial-emosional və estetik yaradıcı inkişaf. Modulda fiziki inkişafın metodları, həmçinin idrak fəallığını formalaşdıran müxtəlif oyunların təşkili qaydaları öz əksini tapıb.

Modullarla daha ətraflı tanış olmaq üçün: https://www.arti.edu.az/az/books/1-nashrlar