07.01.2021

Təhsil İnstitutuna yeni direktor təyinatı

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil İnstitutuna direktor təyin olunan Rüfət Əzizov institutun kollektivinə təqdim edilib. Rüfət Əzizovu kollektivə təhsil naziri təqdim edib.

Qeyd edək ki, Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub və 2003-cü ildə bitirib. 2017-ci ildə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Kimya elmləri üzrə fəlsəfə doktorudur.

Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. Amerikan brendi olan “Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. Müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib. 2005-2011-ci illərdə BP Exploration LTD-də, 2012-ci ildən isə “Unimetal” MMC-də çalışıb.