07.09.2020

Təhsil İnstitutu yeni layihəyə start verir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2020-2021-ci tədris ilində ali təhsildə məsafədən təhsil və təlim prosesinin inkişafına, ümumi istifadə üçün vahid tədris resurslarının yaradılması və əlçatanlığının təmin olunmasına yönəlmiş layihəyə start verir.

Qeyd edək ki, COVID-19 pandemiyasının nəticəsi olaraq 2019-2020-ci tədris ilindən etibarən e-öyrənmə sistemlərinin tətbiqi vasitəsi ilə təlim və tədris prosesinin məsafədən təşkili, təhsilalanların təhsil prosesinə və resurslarına əlçatanlığının təmin olunması, məsafədən təhsil prosesində keyfiyyətin təminatı və təhsilalanların mənimsəmə səviyyəsinin ölçülməsi kimi yeni çağrışlar formalaşmışdır. Qeyd olunanların sistemli tətbiqi, beynəlxalq standartlara uyğun elektron məzmunun yaradılmasında sıx əməkdaşlığının təmin olunması və çevik reaksiyaların formalaşdırılması məqsədi ilə təhsilalanlar üçün əlçatan innovativ həllərin tətbiqi vacibdir.

Layihə çərçivəsində birinci mərhələdə ali təhsilin bakalavriatura və magistratura səviyyələri üzrə ümumilikdə doqquz fənnin elektron məzmununun yaradılması, hazırlanacaq elektron resursların asinxron e-öyrənmə sistemlərinin tələblərinə cavab verməsi və e-resurslara əlçatanlığın təmin edilməsi hədəflənir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu layihə çərçivəsində ali təhsilin bakalavriatura və magistratura səviyyələri üzrə e-öyrənmə məzmununun yaradılması məqsədilə professor-müəllim heyətini (pedaqoji fəaliyyətlə məşğul olan doktorantlar daxil olmaqla) bir sıra fənlər üzrə kurs tərtibatçı/ekspert qismində nümunəvi elektron məzmunun yaradılması prosesində iştiraka dəvət edir.