20.02.2020

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərinin şagirdləri üçün peşə səfəri həyata keçirilir. 17 fevraldan etibarən başlayan səfər 21 fevraladək davam edəcəkdir.

5 gün davam edəcək təcrübə səfərinə 9 ümumi təhsil müəssisəsindən təxminən 200 şagirdin cəlb edilməsi nəzərdə tutulub.

Səfərin təşkil edilməsinin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir.

Təcrübə “Hilton Baku” oteldə həyata keçirilir. Şagirdlər kiçik qruplara bölünərək otelin qeydiyyat, mətbəx, SPA, restoran, texniki şöbə və təhlükəsizlik departamentlərində təlim keçərək iş prosesi ilə yaxından tanış olurlar. Hər bir qrup öz departamenti ilə tanışlıqdan sonra rotasiya üsulu ilə digər departamentlərlə tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi "Ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki Qusar, Şəmkir və Sabirabad rayonunda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilmişdir.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.