12.02.2020

İstedadlı şagirdlər üçün səviyyə müəyyənləşdirmə imtahanı keçirilib.

Fevralın 12-də istedadlı şagirdlər üçün xüsusi siniflərdə 1-ci səviyyə müəyyənləşdirmə imtahanı keçirilib.

İmtahanda Respublikanın müxtəlif rayon və şəhərlərində 82 məktəbdə, 162 xüsusi sinif üzrə ümumilikdə 4000-ə yaxın şagird iştirak edib. İmtahanın keçirilməsində əsas məqsəd xüsusi siniflər üçün tərtib olunan proqram üzrə keçilən dərslərin mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir.

Xatırladaq ki, Təhsil nazirinin F-704, F-556 nömrəli əmrlərinə əsasən Respublikanın müxtəlif rayon və şəhərlərində “İstedadlı şagirdlər üçün xüsusi siniflər” yaradılmışdır.

2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəb olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilmişdir. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü siniflər, 8-ci siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılmışdır.

2019-2020-ci tədris ilində xüsusi istedad sinifləri şəbəkəsi genişləndirilmiş, 47 rayon, 82 məktəb üzrə 102 xüsusi sinif yaradılmışdır.

Beləliklə, Respublika üzrə hal-hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayonda, 82 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir.  Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir.