18.12.2019

Peşə təmayüllü siniflərin şagirdləri Lənkəran şəhərində təcrübə səfərində olublar

16-18 dekabr tarixlərində peşə təmayüllü siniflərin şagirdləri üçün Lənkəran şəhərinə təcrübə səfəri təşkil edilib. Təcrübə səfərində altı məktəbdən - Masallı, Cəlilabad, Şirvan, Sabirabad, Salyan və Biləsuvar rayonlarının ümumi təhsil müəssisələrindən ümumilikdə 74 şagird iştirak edib.

Səfərin təşkil edilməsinin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir.

Təcrübə Lənkəran Springs Wellness Resort oteldə həyata keçirilib. Şagirdlər 4 nəfərlik qruplara bölünərək otelin qeydiyyat, mətbəx, SPA, restoran, texniki şöbə və təhlükəsizlik departamentlərində təlim keçərək iş prosesi ilə yaxından tanış olublar. Hər bir qrup öz departamenti ilə tanışlıqdan sonra rotasiya üsulu ilə digər departamentlərlə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, "Ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki Qusar, Şəmkir və Sabirabad rayonunda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilmişdir.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.

Hazırda ölkə üzrə 20 ümumi təhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 nəfər şagird təhsil alır.