13.06.2019

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final turu keçiriləcək

İyunun 18-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (KBRM) final turu keçiriləcək.

Ölkəmizdə ikinci ildir ki, keçirilən KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.

Xatırladaq ki, bu müsabiqə dünyanın əksər ölkələrində ildə bir dəfə və bir mərhələdən ibarət olmaqla odənişli qaydada təşkil edilir. Ölkəmizdə də müsabiqənin elan ediliyi dövrdə təşkilatçılar final mərhələsi olmasını nəzərdə tutmasalar da, müsabiqəyə olan marağı, valideynlərdən gələn təklifləri nəzərə alaraq və ilk imtahanda yüksək nəticə göstərmiş şagirdləri həvəsləndirmək məqsədi ilə qaliblərin daha sağlam rəqabət şəraitində aşkarlanmasını təmin etmək üçün final turunun keçirilməsi barədə qərar qəbul ediblər.

Final turunda ümumilikdə 9 sinif üzrə olmaqla hər sinfin Respublika üzrə ilk 120 yerini tutan və 120-ci yerlə eyni bal toplayan şagirdlər iştirak edə biləcəklər. Bununla da ümumilikdə 1148 şagird heç bir əlavə ödəniş etmədən final turunda iştirak etmək hüququ qazanıb.

Final turunun nəticələrinə uyğun olaraq hər sinif üzrə ən yüksək 3 bal toplamış şagirdlər müvafiq olaraq 1, 2 və 3-cü yelərin qalibi elan ediləcəklər. Qaliblərin diplom və medallarla təltif edilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, final turunda 6-cı sinif üzrə ən yüksək bal toplamış şagird riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə dinləyici kimi dəvət ediləcək. Bu qərarın yalnız 6-cı siniflərə şamil edilməsinin səbəbi odur ki, riyaziyyat fənni üzrə olimpiadalara hazırlıq mərkəzinə yalnız bu il 6-cı, növbəti il isə 7-ci sinifdə oxuyacaq şagirdlər dəvət oluna bilər.

Xatırladaq ki, bu il KBRM-nin ilk turunda 25 000-dən çox şagird müsabiqədə iştirak etmişdir. Müsabiqə hər il Azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçirilir.

1994-cü ildən bəri ildə bir dəfə olmaqla təşkil edilən KBRM-də sonuncu dəfə 2019-cu ildə dünyanın 80-dən çox ölkəsində 6 milyondan çox şagird iştirak etmişdir. Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının (IMO) təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.