27.05.2019

"Ümumtəhsil məktəb dərsliklərində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və görkəmli nümayəndələrinin fəaliyyəti" mözusunda elmi seminar keçirilib.

Mayın 27-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planında Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində” nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə “Ümumtəhsil məktəb dərsliklərində Azərbaycan xalq cümhuriyyətinin tarixi və görkəmli nümayəndələrinin fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktor müavini Ənvər Abbasov açaraq milli dövlətçiliyimiz tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna rol oynadığını qeyd edib.

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və görkəmli nümayəndələrinin fəaliyyəti ümumtəhsil məktəblərinin Azərbaycan dili dərsliklərində” mövzusunda şöbə müdiri Asif Hacıyev, “Ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və görkəmli nümayəndələrinin fəaliyyətinin təsviri” mövzusunda şöbə müdiri İntiqam Cəbrayılov, “Xalq Cümhuriyyəti dövründə Azərbaycanda məktəbəqədər tərbiyənin vəziyyəti” mövzusnda şöbə müdiri Laləzar Cəfərova, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə poeziya və onun ümumtəhsil məktəblərində tədrisi” mövzusunda şöbə müdiri Bibxanım İbadova məruzə ilə çıxış ediblər.   

A.Hacıyev ənənəvi dərsliklərlə müqayisədə, yeni nəsil Azərbaycan dili dərsliklərində öyrədici, inkişafetdirici və tərbiyələndirici funksiya daşıyan mövzuların üstünlük təşkil etdiyini qeyd edib. İctimai həyatın müxtəlif sahələrini əks etdirən bu mövzular arasında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və görkəmli şəxsiyyətləri barəsində məlumatlara da mütəmadi surətdə müraciət olunduğunu bildirib. Milli özünüdərki, milli düşüncə və milli iftixar hissinin formalaşmasına yönəlmiş bu məlumatların təhsilalanların ləyaqətli vətəndaş, zamanın gedişatını, ictimai-siyasi hadisələrini həssaslıqla duyan şəxsiyyət kimi yetişdirməsinə təkan verdiyini qeyd edib.

İ.Cəbrayılov milli dövlətçilik tariximizin dərindən öyrənilməsinin çox böyük təlim-tərbiyəvi əhəmiyyəti olduğunu qeyd edərək, AXC tarixinin şagirdlərə hərtərəfli öyrədilməsi üçün Azərbaycan tarixi fənninin geniş imkanları olduğunu, xüsusilə V, IX və XI siniflərdə Azərbaycan tarixi təliminin məzmununda AXC tarixinə aid verilən mövzular şagirdlərin bu məsələ ilə bağlı bilik və bacarıqlarının daha da dərinləşdirilməsinə ciddi təsir göstərdiyini bildirib. 

L.Cəfərova Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən özünün fəaliyyətində xalq maarifinin, elm və mədəniyyətin inkişafına müstəsna əhəmiyyət verərək, bu sahəni müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunun təməl prinsiplərindən, ən vacib atributlarından saymaqla, xalq maarifinin məzmun və struktur cəhətdən müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etdiyini bildirib.

B.İbadova həmin dövrdə yaşayıb-yaratmış ədiblərin yaradıcılığının əsas leytmotivinin xalqın milli oyanışı, azadlıq uğrunda mübarizəsi, türkçülük, bayraq, əsgər təşkil etdiyini qeyd edib B.İbadova həmçinin AXC dövründə yaranan poeziya nümunələrindən bəzilərinin ümumtəhsil məktəblərində tədris olunduğunu və bu əsərlərin tədrisi ilə bağlı müvafiq tövsiyələrini bildirib.