12.05.2019

İcma əsaslı Uşaq Təhsil Mərkəzinlərində növbəti təlimlərə start verildi

Avropa İttifaqının maliyyələşdirdiyi və UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində üçüncü modul üzrə təlimlərə start verilib.

2019-cu ilin yanvar ayından fəaliyyətə başlamış mərkəzlərdəki mentorlar iki gün ərzində məşğələ prosesində baş vermiş uğurları, problemləri, ailələrlə işi, proqramla bağlı məsələləri, layihə komandasının icmalara etdiyi monitorinqlər vaxtı üzləşdiyi məsələləri müzakirə ediblər. Təlimdə həmçinin inklüziv təhsillə bağlı məlumat verilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri qonaq qismində övladları ilə bağlı həyat hekayələrini iştirakçılar ilə bölüşərək təhsilin bu uşaqların inkişafındakı rolu barədə danışıblar. Bundan əlavə, məktəbəqədər yaş dövründə nağılların rolunu vurğulayan “Nağıllar aləmində” və icmada lazım ola biləcək “İlk tibbi yardım” mövzusunda keçirilən təlimlərdə mentorlar öz biliklərini artırıblar. Onlar mərkəzlərdə tədris etdikləri mövzularla bağlı maraqlı pantomimo hərəkətləri də nümayiş etdiriblər.

Layihə çərçivəsində Estoniya Uşaq Akademiyası təşkilatının rəhbəri Yelena Parfyonova və digər eston mütəxəssislər “Uşaqların fərdi xüsusiyyətlərinə uyğun davranışlar”, “Emosiyalar və idrakın əlaqəsi” mövzusunda seminarlar keçib, uşaqların öyrənməsində vacib rolu olan təcrübə və oyunlarla bağlı master dərslər verdilər.