25.02.2019

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev qeyd edib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırım təkcə Xocalı sakinlərinə deyil, bütün insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir. O, üzərindən illərin keçməsinə baxmayaraq faciənin ağrılarının hələ də hiss olunduğunu bildirib. Daha sonra ildönüm tədbirlərinin dünyanın bir çox ölkələrində qeyd edildiyini və Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün ciddi addımların atıldığını qeyd edib.

 E.Əmrullayev onu da bildirib ki, Xocalıda qətl edilən insanların tək "günahı" azərbaycanlı olmaqları idi.

Sonra institutun şöbə müdiri Piralı Əliyev çıxış edərək Xocalı şəhərinin strateji əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Tədbir iştirakçılarına 1991-ci ilin oktyabr ayından etibarən blokadada olan Xocalının fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələrinin mühasirəsinə alınmasından, ağır texnikalardan atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalmasından və bu proseslərin nəticəsi olaraq fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı dinc insanların qətli ilə etnik təmizləmə həyata keçirilməsindən danışıb.

Tədbirdə qeyd edilib ki, bu soyqırımın nəticəsində 63 uşaq, 106 qadın və 70 nəfər yaşlı insan olmaqla 613 nəfər həlak olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür, 150 nəfər itkin düşmüşdür.