17.01.2019

Təhsil İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Yanvarın 17-də Təhsil İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov çıxış edərək 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın hər kəsin həyatında bir iz qoyduğunu qeyd etdi. 20 Yanvar faciəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirdi.

Sonra Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, Təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov və Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri Piralı Əliyev çıxış etdilər.

Tədbirdə çıxış edənlər 29 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışdılar. Hadisələrin Bakı şəhəri ilə yanaşı Lənkəran və Neftçala şəhərlərində də cərəyan etdiyi və həmin şəhrlərdə də qırğınların törədildiyi tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Qeyd edildi ki, tədqiqatçı kimi yazılan əsərlərdə bu məsələlərə diqqət yetirilməli, gənclərə milli dəyərlərin aşılanmasına və vətənpərvər nəslin yetişməsinə nail olmağa çalışmaq lazımdır.

1990-cı ilin yanvarında baş verən bu ağır faciənin bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədiyi, əksinə, xalqın daha da prinsipal mübarizəyə qoşulduğu və bu mübarizədən qalib çıxdığı  iştirakçıların diqqətinə çatdırıldı.

Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.