11.12.2018

"Müəllim liderliyi" layihəsi başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadənin “Müəllim liderliyi” layihəsinin icrası başa çatıb.

Layihənin əsas məqsədi şagirdləri ilə səmimi, düzgün davranış və ünsiyyət qura bilən, valideynlərlə əməkdaşlıq yaradan, öz həmkarlarına dəstək olan lider müəllim formalaşmasına dəstək olmaqdır.

Layihə Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbin və Artupa kənd tam orta məktəbin müəllimlərini əhatə edib. 

Layihədə iştirak edən müəllimlərin fəaliyyətləri müşahidə edilib, hər bir müəllimin mövcud problemləri müəyyənləşdirilərək onların bunun fərqinə varmasına çalışılıb. Keçirilən təlimlərin hansı nəticə verdiyini praktiki olaraq izləmək, problemlərin müəyyənləşdirilməsində obyektivliyi qorumaq məqsədi ilə şagirdlər arasında anonim sorğu keçirilib.

Layihə çərçivəsində pedaqoq Bəhman Məmmədovun pedaqoji təlimləri keçirilib. Təlimlərdə müəllimlərə təlim üsullarını şagirdlərin yaşına uyğun olaraq düzgün seçib tətbiq etmək, taksonomiyaların daha geniş tətbiqinin əhəmiyyətini anlamaq, təlim üsullarının seçilməsində meyarları düzgün müəyyənləşdirmək, məktəblərdə geniş tətbiq edilən cəza və mükafat sisteminin uzun müddətdə effektsiz olması, çıxış yolunu isə şagirdlərdə məsuliyyət duyğusunu qazandırmaq olduğu deyilib və bunun edilməsi yolları həm nəzəri, həm praktiki olaraq müəllimlərə keçirilib.

Layihə çərçivəəsində psixoloq Yeganə Özçələbi tərəfindən psixoloji, Səbinə Əzizzadə tərəfindən isə motivasiya yönümlü təlimlər də keçirilib. Təlimdə müəllimlər şagirdlərdəki psixoloji vəziyyəti daha düzgün qiymətləndirməyi və məktəblilərin yaş psixologiyasını öyrəniblər.

Layihənin sonunda iştirakçı müəllimlərə sertifikatlar təqdim olunub.

Layihə 10 sentyabr – 10 dekabr 2018-ci il tarixlərini əhatə edib.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.