24.11.2018

"Şagirdlərin peşə bacarıqlarının artırılması" layihəsinin yekun-bağlanış tədbiri keçirilib.

Noyabrın 24-də Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Hacıqabul rayon Talış kənd məktəbinin ibtidai sinif müəllimi Əhmədova Səbinənin "Şagirdlərin peşə bacarıqlarının artırılması" adlı layihəsinin yekun-bağlanış tədbiri keçirilib.

Hacıqabul şəhər 10 saylı məktəbdə baş tutan yekun-bağlanış tədbirində layihədə iştirakçı olan 4 nəfər qıza sertifikatlar təqdim olunub.

Layihənin əsas məqsədi yerlərdə qızların təhsilinin, onların peşə sahibi olmmalarının vacibliyini təbliğ etməkdir.

Layihə Hacıqabul rayonunun Talış kəndini əhatə edir. Layihə üzrə VII, VIII və IX sinif şagirdləri olan 4 qızın dərzilik məşğələlərində iştirak etməsi, dərzi peşəsinin ilkin bilik və bacarıqlarına yiyələnməsi nəzərdə tutulub. 

Xatırladaq ki, layihə üzrə işlərə sentyabr ayının 1-dən start verilmişdir. Sentyabr ayının 15-dən isə dərzilik məşğələləri başlamışdır. Bu müddət ərzində tikiş maşınlarının, tikiş ləvazimatlarının alışı həyata keçirilmiş, layihə üzrə dərzi, ekspert seçimi baş tutmuşdur. Həmçinin məşğələlər üçün uyğun yer seçilmiş, tikiş maşınları işlək vəziyyətə gətirilmişdir. 

Noyabr ayının 15-də başa çatan dərzilik məşğələləri uzun illər iş təcrübəsinə malik təcrübəli dərzi tərəfindən aparılıb.

Layihənin icra müddəti 1 sentyabr 2018-ci il – 1 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.