17.11.2018

Sumqayıtda müəllimlər üçün təlimlərə start verilib

Noyabrın 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Zöhrənin “Sadə izahla riyaziyyatın tədrisi ” adlı layihəsi çərçivəsində təlimlərə start verilib.

İlk təlim Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbdə baş tutub. Təlimdə  Sumqayıt  şəhərinin  ümumtəhsil məktəblərində 4-cü siniflərdə riyaziyyat fənnini tədris edən  müəllimlər iştirak ediblər.

Təlim müddətində müəllimlərlə riyaziyyat fənni üzrə standartlar müzakirə olunub. Ən çox müraciət etdikləri standartlar və demək olar ki, heç icra etmədikləri standartlar haqqında danışılıb. Sonra dərsi qurmaqda və şagirdlərin riyaziyyatı mənimsəmə keyfiyyətinin yüksəldilməsində rolu olan fənn standartlarının nə qədər önəmli olduğu vurğulanaraq bir sıra tapşırıqlar yerinə yetirilib.

Təlimlərin ümumilikdə 3 gün olmaqla növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulub. 

Layihə üzrə işlər 2018-ci ilin dekabr ayında çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.