14.11.2018

Riyazi istedada malik olan şagirdlərlə bağlı layihə uğurla davam etdirilir

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabisəsi"ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş İlyas Əfəndiyev adına Elitar gimnaziyanın “İbtidai siniflərdə riyazi istedada malik olan şagirdlərin aşkarlanması və onların beynəlxalq yarışlara inteqrasiyasının təmini” adlı layihə çərçivəsində təlimlər davam edir.

Layihənin əsas məqsədi 4-cü sinif şagirdlərinin məntiqi təfəkkürünü inkişaf etdirmək, riyazi biliklərini ölkə və beynəlxalq olimpiadalarda nümayiş etdirmək bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Bu məqsədlə layihənin icrasında qarşıya qoyulan əsas vəzifələr bunlardır:

  • Riyazi təfəkkürə malik istedadlı şagirdlərin aşkara çıxarılmasının optimal yollarını müəyyənləşdirmək;
  • İstedadlı şagirdlərlə iş sahəsində müasir tələblərə uyğun səmərəli fəaliyyət mexanizmi yaratmaq;
  • İstedadlı şagirdlərlə iş sahəsində xarici ölkələrdə mövcud olan qabaqcıl təcrübəni öyrənib tətbiq etmək;
  • Azərbaycanda orta təhsilin ibtidai mərhələsinin innovativ inkişafı siyasətini ictimaiyyətdə tətbiq etmək;
  • İstedadlı şagirdlərlə təhsilin məzmununun təkmilləşdirilməsi və yeniləşdirilməsi ilə bağlı kompleks tədbirlər hazırlayıb həyata keçirmək.

Artıq layihə çərçivəsində təşkilati işlər başa çatıb. On gün davam edən seçim turlarının nəticəsində 160 №li Klassik gimnaziyanın 72 şagirdindən 19-u, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin 115 şagirdindən 13-ü, T.Həsənov adına 23 №li məktəbin 44 şagirdindən 17-si, M.Müşfiq adına 18 №li məktəbin 41 şagirdindən 13-ü və Elitar gimnaziyanın bütün 4-cü sinif şagirdlərindən (155 şagird) 32-si olmaqla ümumilikdə 272 şagirddən 94 nəfəri təlimlərə cəlb ediliblər. Təlimçilər Mirzəliyeva Mətanət, Quliyeva Aynur, Əliyeva Oksana və ekspertlər Abışov Nazim və Bəylərov Elxan seçim turu üçün riyazi və məntiqi məsələlərin seçimində iştirak ediblər.

Seçilmiş şagirdlər valideyinləri ilə birgə oktyabrın 6-da Elitar gimnaziyaya dəvət olunublar. Tədbirdə ekspertlər layihə ilə bağlı valideyinləri maraqlandıran sualları cavablandırıblar. Sonra təlimçilər şagirdləri 2 azərbaycan və 2 rus olmaqla 4 qrupa bölüb, layihə çərçivəsində ilk təlimi keçiblər.

Xatırladaq ki, təlimlər hər biri 90 dəqiqə olmaqla hər həftənin şənbə günü təşkil edilir. Təlimlərdə müəllimlər şagirdlərə cəbri, həndəsi və məntiqi məsələ və misalların həlli yollarını öyrədirlər.

Əvvəlcədən nəzərdə tutulduğu kimi hər üç təlimdən sonra monitorinqlər keçirilir, 50%-dən aşağı nəticə göstərən şagirdlər növbəti təlimdə iştirak hüququnu itirmiş olur.

Layihə çərçivəsində 3 monitorinq və final mərhələsinin keçirilməsi nəzərdə tutulub. Final mərhələsinin qalibləri medal və diplomlarla təltif olunacaqlar.

Layihə çərçivəsində təlimlərdə iştirak edən şagirdlərdən 40 nəfəri oktyabrın 27-də Elitar ginmaziyada keçirilən “Sərhədsiz Riyaziyyat” Beynəlxalq Bolqarıstan Olimpiadasında iştirak edib. Onlardan 25 nəfəri qızıl, gümüş və bürünc medallar qazanıblar.

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın direktoru Sevda Quliyevanın rəhbrəliyi ilə həyata keçirilən layihənin icra müddəti 10 sentyabr - 10 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.