28.10.2018

Qubada məktəbli qızların voleybol yarışı keçirilib

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Kamran Əlimərdanovun "Kim sevirsə idmanı poladdan olar canı" sağlam məktəbli spartakiadası adlı layihəsi çərçivəsində voleybol turniri keçirilib.

Quba rayonunun Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbində qızlar arasında keçirilən turnirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri Kamran Əlimərdanov layihə haqqında məlumat verərək bildirib ki, məqsəd məktəblilərin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, gənc qızların idmana cəlb edilməsini dəstəkləmək, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə təkan verməkdir.

Rəsmi hissədən sonra yarışa start verilib.

Turnirin yekun nəticəsində Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin qızlardan ibarət voleybol komandası turnirin qalibi adını qazanıb. Ağbil kənd tam orta məktəbin komandası ikinci, Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin ikinci komandası isə turnirdə üçüncü yeri tutub.

Qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Noyabr ayının 27-dək davam edəcək layihə çərçivəsində Quba rayonunun Dağlı kəndində oğlanlar arasında voleybol, Qaraçay kəndində oğlanların iştirakı ilə basketbol, Püstəqasım kəndində isə qızlar və oğlanların iştirakı ilə stolüstü tennis üzrə turnrilərin keçirilməsi nəzərdə tutulub.

Layihənin icra müddəti 27 avqust – 27 noyabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.