27.10.2018

"Arduino Azərbaycan" layihəsi uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Nizami rayonu 251 nömrəli tam orta məktəbin informatika müəllimi Natavan Feyzullayevanın  “Arduino Azərbaycan” adlı layihəsi uğurla davam etdirilir.

“Arduino ilə hazırlaya biləcəkləriniz xəyallarınız  qədər sərhədsizdir” şüari ilə icra olunan layihənin əsas məqsədi qısamüddətli perspektivdə şagirdlərin proqramlaşdırma və texnoloji bacarıqlarının inkişaf etdirilməsi və bu sahədə istedadların aşkar olunmasıdır.

Müxtəlif yaş kateqoriyalarından olan, ümumilikdə 15 şagirdin Arduino və proqramlaşdırma ilə tanış olub, layihənin sonunda smart ev, boy ölçən cihaz, smart dibçək,  meyvələrdən pianino, əngəldən qaçan robot və s. kimi digər modellərin hazırlanması nəzərdə tutulub. 

Layihə rəhbəri N.Feyzullayeva qeyd edib ki, Arduino ilə bütün elektron alətlərə qoşulub onları idarə etmək mümkündür və şagirdlər Arduino ilə öz istədikləri texnologiyaları  hazırlaya bilərlər. Pilot layihə kimi ilk dəfə 251 nömrəli tam orta məktəbdə tətbiq edilən layihənin rəhbəri əlavə edib ki, bu layihə şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün əhəmiyyətlidir və  proqramlaşdırma sahəsində gənc nəslin qabiliyyətlərinin inkişafında mühüm rol oynayacağına inanır.

Xatırladaq ki, sentyabrın 3-də Bakı şəhəri Nizami rayonu 251 nömrəli tam orta məktəbdə layihənin açılışı olmuşdur.

Layihənin icra müddəti 3 sentyabr - 3 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.