26.10.2018

"Kənd məktəblərində şagirdlərə psixoloji xidmətin artırılmasına dəstək" layihəsi uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Sabirabad rayon Ulacalı kənd tam orta məktəbin müəllimi Səkinə Əliyevanın “Kənd məktəblərində şagirdlərdə psixoloji xidmətin artırılmasına dəstək” adlı layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi Sabirabad rayonunun kənd məktəblərində psixoloji xidmətlərin təşkili ilə şagirdlərin dərsdən yayınması hallarının, erkən nikahların və məktəbdaxili problemlərin azaldılmasına dəstək verməkdir. Layihə Sabirabad rayonunun beş kənd məktəbinin 9-11-ci sinif şagirdlərini əhatə edir.

Layihə çərçivəsində 5 kənd məktəbində hərəsində 3 dəfə olmaqla şagirdlərə ümumilikdə 15 psixoloji xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Layihənin icrasında 3 istiqamət vardır: 1.“Erkən nikahlar”, 2. ”Məişət zorakılığı” mövzularında maarifləndirmə aparmaq və 3. “Çətin tərbiyə olunan uşaqlarla işləmək”. Hər bir maarifləndirmə görüşlərinin sonunda layihənin işçisi,  psixoloq fərdi olaraq şəxsi istəyi ilə görüşmək niyyətində olan şagirdlərlə görüşərək onların problemlərinin həll olunmasında yaxından iştirak edir. Layihə çərçivəsində maarifləndirmə görüşlərinə kənd icra nümayəndəlikləri, tibb məntəqəsinin işçiləri və valideynlər də cəlb olunur. Psixoloji xidmətin effektiv təşkili üçün xüsusi hazırlanmış təqdimat və videoçarxlardan istifadə olunur. Görüşlərdə həm şagirdlərə, həm də müəllim və valideynlərə Tövsiyə sənədləri paylanılır. Layihənin icrası zamanı ilk 5 görüşdə şagirdlərə test formasında Anket sorğu paylanılmışdır. Məqsəd onların erkən nikahlar və məişət zorakılığı haqqında ilkin biliklərinin səviyyəsini yoxlamaq olmuşdur. Sonrakı görüşdə insan alveri , erkən nikahlar və məişət zorakılığı haqqında geniş məlumatlandırılan şagirdlərin 3-cü görüşdə biliklərinin yenidən anket sorğu vasitəsilə qiymətləndirilməsi nəzərdə tutulur.

Xatırladırıq ki, layihənin təqdimatı 3 sentyabr 2018-ci il tarixində Sabirabad şəhərində baş tutmuşdur. Tədbirdə Təhsil Nazirliyi tərəfindən layihənin icrasına təhkim olunmuş məsul şəxs  Kənan Məmmədovun iştirakı ilə işçi qüvvəsi yaradılıb və fəaliyyət planı hazırlanıb.

28 sentyabr 2018-ci il tarixində Sabirabad rayon Ulacalı kənd tam orta məktəbin 9-11-ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə ilk maarifləndirici görüş baş tutub. Daha sonra ilkin maarifləndirici görüşlər oktyabrın 5-də Sabirabad rayon Şıxsalahlı kənd tam orta məktəbində, oktyabrın 9-da Sabirabad rayon Mürsəlli kənd tam orta məktəbində, oktyabrın 12-də Sabirabad rayon Kovlar kənd tam orta məktəbində və oktyabrın 16-da Sabirabad rayon Axısxa kənd tam orta məktəbində baş tutub. İlkin mərhələni əhatə edən bu 5 görüşdə şagirdlərin erkən nikahlar və məişət zorakılığı haqqında ilkin bilikləri anket sorğu vasitəsilə yoxlanılıb və daha sonra mövzu ətrafında psixoloq və sosial işçinin iştirakı ilə geniş danışılaraq müzakirələr edilib.

İkinci mərhələni əhatə edən daha 5 görüş və psixoloji xidmətdən 4-ü ardıcıl olaraq oktyabrın 17-də Ulacalı kənd tam orta məktəbində, oktyabrın 19-da Şıxsalahlı kənd tam orta məktəbində, oktyabrın 23-də Kovlar kənd tam orta məktəbində oktyabrın 24-də Sabirabad rayon Mürsəlli kənd tam orta məktəbində baş tutub. Bu dəfə insan alveri və zorakılığın növləri əyani şəkildə göstərilən videoçarxlar nümayiş etdirilərək onlara qarşı mübarizə yolları qarşılıqlı şəkildə müzakirə edilib. Gənc qızıları erkən nikah hallarından yayındırmağa və təhsilə cəlb edən növbəti videoçarx şagirdlər tərəfindən maraqla qarşılanıb. Sonuncu 4 görüşdə valideynlərin iştirakı təmin olunub və onlara tövsiyə sənədləri paylanılıb. İkinci mərhələni əhatə edən son 4 görüşdə psixoloq ilə şagirdlərin fərdi görüşləri təşkil edilib.

Layihə çərçivəsinddə son 5 görüşdə şagirdlərə yenidən erkən nikahlara yox deyək istiqamətində videoçarxlar nümayiş etdirilməsi nəzərdə tutulur. Sonda şagirdlərə bir daha anklet sorğu paylanılaraq onların erkən nikahlar və məişət zorakılığı mövzularında əldə etdikləri bilik və bacarıqlar yoxlanılacaq.

Layihənin icra müddəti 3 sentyabr - 3 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.