26.10.2018

Təhsil İnstitutunun əməkdaşı Qazaxıstanda təltif edilib

18-20 oktyabr 2018-ci il tarixlərində Qazaxıstan Respublikasında keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) əməkdaşı Mətanət Qurbanova Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi tərəfindən “40-cı il” döş nişanı ilə təltif edilib.

Qazaxıstan Respublikasının Türkistan şəhərində “Böyük İpək Yolu üzərində orta əsr şəhərləri” mövzusunda keçirilən Beynəlxalq konfransda ARTİ-nin Təhsil nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi Mətanət Qurbanova məruzə ilə iştirak edib. Konfransda Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi, “Azret Sultan” Dövlət Tarixi-Mədəniyyət və Qoruq-Muzeyinin dəvəti ilə iştirak edən Mətanət Qurbanovanın  “Orta əsrlər Azərbaycanda elm, təhsil və mədəniyyət geosiyasi alət olaraq” mövzusunda məruzəsi dinlənilib. 

M.Qurbanovanın bu sahədə tədqiqatları yüksək qiymətləndirilib və o, Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi, “Azret Sultan” Dövlət Tarixi-Mədəniyyət və Qoruq-Muzeyi tərəfindən “40-cı il” döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, Türkistan şəhərində keçirilən beynəlxalq konfransda türkdilli ölkələrlə yanaşı Hindistan, Pakistan və İrandan olan nümayəndələr də iştirak ediblər.