16.10.2018

Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Kəlbəcər rayon 56 saylı tam orta məktəbin fizika müəlliməsi Gülsarə Həsənovanın “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” adlı layihəsi çərçivəsində kursların tədrisi davam etdirilir.

Bu ilin avqust ayı ərzində icra planına uyğun olaraq Kəlbəcər rayon 56 saylı tam orta məktəb üçün Fizika kabinəsi təşkil edilərək proyektor və yazı lövhəsi ilə təmin edilib. Fizika kabinəsində cari təmir işləri görülüb, internetlə təmin edilib.

İlkin hazırlıq işləri başa çatdıqdan sonra hər birində 17 nəfər şagird olmaqla 2 qrupdan ibarət 34 şagird ödənişsiz kurslara cəlb edilib. Kursa cəlb edilən şagirdlərin hər biri layihə çərçivəsində əlavə dərs vəsaiti ilə təmin edilib. Dərslər Kəlbəcər rayon 56 saylı tam orta məktəbin binasında həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçirilir. Kursların tədrisində müasir İnformasiya Kommunikasiya Vasitələrinin imkanlarında istifadə edilir. İnformasiya Kommunikasiya Texnologiyalarının istifadəsi dərsdə əyaniliyi zənginləşdirməklə yanaşı, şagirdləri bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir.

Kəlbəcər rayon 56 saylı tam orta məktəb hazırda Bakı şəhəri, Masazır qəsəbəsinin ərazisində yerləşir və məktəbdə 640 şagird təhsil alır. Bu il məktəbin XI sinfini bitirən 52 şagirdindən 40 nəfəri Respublikanın müxtəlif ali təhsil müəsissələrinə, 4 nəfəri isə orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. Məzunlardan ikisi 600-dən yuxarı  bal toplayıb.

Ümumi icra müddəti 5 ay olan layihə üzrə işlər bu ilin noyabr ayının 20-də başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.