09.10.2018

Qubada "Məktəblilərin debat klubu" adlı layihəyə start verilib

Qubada Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanovanın “Məktəblilərin debat klubu” adlı layihəsinə start verilib.

Oktyabrın 8-də layihə çərçivəsində ilk olaraq Quba rayonunun Hacıqayıb kənd tam orta məktəbində təlim keçirilib. Təlimdən əvvəl çıxış edən layihə rəhbəri Aygün Mövlanova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmək, araşdırmaq, nəticə çıxarmaq kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Daha sonra layihə çərçivəsində 15 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə  “Natiqlik bacarıqları”, “Debat, onun qaydaları”, spikerlik, arqument, inkar və təsdiq kimi anlayışlar haqqında  2 günlük təlim keçirilib.

Təlimlərin sonunda iştirakçılara layihə çərçivəsində hazrılanmış sertifikatlar təqdim edilib.

Layihə çərçivəsində Quba rayonunun daha 2 kənd məktəbində - Ağbil və Qəçrəş məktəblərində də müvafiq mövzularda təlimlər keçirilməsi nəzərdə tutulub.

Sonda təlim keçirilən məktəblilərin iştirakı ilə Quba rayonunda məktəblilər arasında ilk mini debat turniri təşkil edilməsi planlaşdırılıb.

Ümumilikdə kənd məktəblərində təhsil alan 45 nəfər yuxarı sınif şagirdinin cəlb ediləcəyi layihənin icra müddəti 3 aydır və layihə üzrə işlər noyabr ayında başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.