06.10.2018

Müəllimlər üçün 5 günlük təlimlərə start verilib

Oktyabrın 6-da Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Quliyeva Aynurun “Dərsin planlaşdırılması və formativ qiymətləndirmə strategiyaları” adlı layihəsi çərçivəsində təlimlərə start verilib.

Layihə çərçivəsində ilk təlim Elitar Gimnaziyada baş tutub. Təlimdə Bakı şəhəri və eləcə də Respublikanın digər regionlarının ümumtəhsil məktəblərində müxtəlif fənləri tədris edən müəllimlər iştirak edib.

Təlim müddətində perspektiv və cari planlaşdırma nümunələrinin hazırlanması, cari planlaşdırmada əsas məqamlar – keçiləcək mövzu üzrə standartın düzgün müəyyənləşdirilməsi, dərsin məqsədlərinə uyğun olaraq qiymətləndirmə meyarlarının doğru seçilməsi, formativ qiymətləndirmənin təşkili qaydaları, formativ qiymətləndirmədə istifadə edilən üsul və vasitələrin fərqləndirilməsi mövzuları haqqında interaktiv təlim keçirilib.

Təlimlər ümumilikdə 5 gün olmaqla növbəti günlərdə də davam etdiriləcək. 

Layihə üzrə işlər 2018-ci ilin sonlarında başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.