15.10.2018

"Məktəbli eruditlər" – region məktəblilərinin bahar kuboku festivalı davam edir

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudovanın ““Məktəbli eruditlər” – region məktəblilərinin bahar kuboku festivalı” adlı layihəsi üzrə işlər davam etdirilir.

Oktyabrın 6-da layihə çərçivəsində Qusar rayonunda məktəblilərin Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə seçim turniri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Tədbirdə çıxış edən Qusar rayonu üzrə təhsil meneceri Kamran Əliyev layihə çərçivəsində Qusar rayonunu seçdiklərinə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti olduğunu qedy edib.

Seçim turunda Qusar şəhər məktəbliləri ilə yanaşı, Qusar rayonunun Balaqusar, Urva, Xurel, Zindanmuruq kənd məktəblərinin şagirdləri də iştirak edib Ümumilikdə 8 komanda tərkibində 48 nəfər şagirdin qatıldığı turnirdə qalib adını Qusar şəhər  1 saylı tam orta məktəbinin “Varlord” biliciləri tutub. Şəhər 3 saylı tam orta məktəbin “Tesla” komandası ikicini, Balaqusar kənd tam orta məktəbin “Kreativ” komandası isə üçüncü mükafata sahib olub. Yarışın əsasnaməsinə uyğun olaraq hər 3 komanda Quba şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Noyabr ayının 15-dək davam edəcək layihə çərçivəsində Şabran və Quba rayonlarında da şagirdlərin iştirakı ilə intellektual turnirlər keçirilməsi və seçim turlarının mükafatçılarınin iştirakı ilə Quba şəhərində təşkil olunacaq final mərhələsində zona çempionunu müəyyən edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.