15.12.2017

Milli Kurikuluma dair hesabat tədbiri keçirilib

Dekabrın 15-də YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən hazırlanan Milli Kurikulum Çərçivəsinə dair “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd Milli Kurikulum Çərçivəsi sahəsində aparılan tədqiqatları və gələcək perspektivləri müzakirə etmək olub. 

Tədbirdə təhsil nazirinin müşaviri Həsən Həsənli, Təhsil İnstitunun direktor vəzifəsini icra edən Emin Əmrullayev, YUNİSEF-in, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri, müxtəlif fənlər üzrə ekspertlər və məktəb direktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Emin Əmrullayev cari ildə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən və YUNİSEF-lə uğurlu əməkdaşlıqdan danışıb və sonda bu əməkdaşlığa görə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib. 

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan “Alternativ tədris proqramlarının təbliği”  layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını bildirib.

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov,  təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Suleymanlı Milli Kurikulum Çərçivəsinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə layihəyə əsasən görülən işlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Milli Kurikulum Çərçivəsinin ilkin versiyası YUNİSEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb.

BMT-nin Uşaq Fondu (YUNİSEF) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq Təhsil İnstitutuna beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması, onun əsasında alternativ və variativ kurikulumlarının hazırlanması işlərində maliyyə dəstəyi göstərib.

Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin Milli Kurikulum çərçivələri araşdırılıb və Azərbaycan Respublikası Milli Kurikulum Çərçivəsi üçün təlimat hazırlanıb. Bu istiqamətdə Azərbaycanın milli kurikulumu 10-dan çox xarici ölkənin kurikulum çərçivəsi ilə müqayisə edilib.