06.09.2017

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təlim-seminar keçirildi

Sentyabrın 5-6-da Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa Komissiyasinin TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) Layihəsi çərçivəsində “Ali Təhsil Müəssisələrinin Strateji İnkişafı” adlı təlim-seminar keçirilib.

TAIEX proqramı çərçivəsində keçirilən təlim-seminarın mövzusu  universitetlərin strateji inkişaf planlarının hazırlanması və həyata keçirilməsindən ibarətdir. Məqsəd ali təhsil müəssisələrində rəhbər vəzifədə çalışan və onlarla əməkdaşlıq edən təşkilatların nümayəndələrinə universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqları aşılamaq, bəzi suallara birgə cavab axtarmaq və tez-tez rast gəlinən problemlərə ortaq həll tapmaqdır.

Seminarın təlimçiləri Almaniya, Belçika və Portuqaliyadan dəvət olunmuş mütəxəssislərdir. Bununla yanaşı seminarda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev, Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, ali təhsil müəssisələri ilə işləyən təşkilat nümayəndələri, təhsil ekspertləri, eləcə də 8 şəhər və 4 regional olmaqla, 12 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib.

Avropa Komissiyası (TAIEX Proqramı) tərəfindən maliyyələşdirilən təlim 2 gün davam edib.

Qeyd edək ki, TAIEX Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi alətidir. TAIEX proqramının məqsədi təlimlər, seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə Avropa Birliyi ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrdəki dövlət qurumları ilə paylaşmaqdır.