11.11.2022

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

Noyabrın 11-də saat 11:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər:

- 11-24 noyabr 2022-ci il tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;

- 25-28 noyabr 2022-ci il tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi;

- 29 noyabr-7 dekabr 2022-ci il tarixlərində isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.

Olimpiadada iştirak etmək istəyən şagirdlərin qeydiyyatlarının tamamlandığına dair onların şəxsi kabinetlərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək.  

2022-2023-cü tədris ili üçün Respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək. 

Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

Respublika fənn olimpiadaları "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Qeydiyyatla əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.