03.11.2022

SABAH.lab Akselerasiya Mərkəzi innovasiya mükafatlandırması müsabiqəsində iştirak edir!

SABAH.lab bu il “IDDA Awards” müsabiqəsində öz iştirakını irəli sürüb. Müsabiqənin əsas məqsədi ölkənin innovasiyalar ekosisteminin ən qabaqcıl nümayəndələrini bir araya toplayaraq onları tanıtmaqdır. Hər il baş tutan bu mükafatlandırma müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə həyata keçirilir.

Hələ fəaliyyətinin ilk ilində olan SABAH.lab Akselerasiya Mərkəzi bu müsabiqədə “İlin ekosistem oyunçusu” kateqoriyasında namizəddir. Bu kateqoriyada SABAH.lab ABB Innovation, Lotfi-zadeh Technology Center kimi ölkənin qabaqcıl mərkəzləri ilə birgə yarışır. Qeyd edək ki, mükafatlandırma səsvermə ilə aparılır. Rəqiblər arasından ən çox səs toplayan iştirakçı müvafiq kateqoriyada mükafat laureatı olacaq.

Xatırladaq ki, SABAH.lab Akselerasiya Mərkəzi 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Mərkəz Azərbaycan Respublikasının Təhsil İnstitutu nəzdində fəaliyyət göstərir. Mərkəzin proqramlarının rəsmi tərəfdaşı isə Avropanın nüfuzlu təhsil müəssisəsi olan “IE” Biznes Məktəbidir.

Fəaliyyət müddəti ərzində SABAH.lab “Yarat” və “Sürət” akselerasiya proqramlarını həyata keçirib. “Yarat” proqramı 6 ay müddətində startapların sıfırdan yaranıb formalaşmasında, “Sürət” proqramı isə hazır startapların məhsullarının daha da inkişaf etməsində bütün lazımi dəstəkləri göstərib. Mərkəz 21 aprel tarixində keçirdiyi “Demo Day” tədbirinin nəticəsində 21 iştirakçı komandadan 18-ni toxum investisiya ilə təmin edib. 18 iyul tarixində baş tutan “Baku Investment Day” tədbirində isə startap layihələr 80-dən çox yerli və beynəlxalq investorlara təqdim olunub. Akselerasiyaya növbəti seçimlər avqust ayında başlayıb. Nəticə etibarı ilə 13 startap komanda akselerasiya proqramında iştirak hüququ qazanıb.

Hal-hazırda SABAH.lab-dən əlavə olaraq “SABAH.incubation” və “SABAH.academy” layihələri fəaliyyət göstərir. “SABAH.incubation” layihəsi sahibkarlığa ilk addımını atmaq istəyənləri bir araya gətirərək ideya və komanda formalaşmasında yardımçı olur. İnkubasiyada hal-hazırda 50-dən çox komanda, 300-dən çox fərd iştirak edir. “SABAH.academy” layihəsinin məqsədi isə sahibkarlığın fundamental bilik və bacarıqlarını aşılamaqla savadlı sahibkarlar yetişdirməkdir. Layihə universitet tələbələrini 14 həftəlik “Sahibkarlığın əsasları” kursu ilə təmin edir.

SABAH.lab-in hələ fəaliyyətinin ilk ilində imza atdığı dəyərli layihələr ona bu müsabiqədə iştirak haqqı tanıyıb. Sizi bu müsabiqədə SABAH.lab üçün səs verərək ona dəstək olmağınızı çağırırıq.

Səs vermək üçün: https://awards.idda.az/az/participants/90

SABAH.lab haqqında: https://www.sabahlab.edu.az/az