26.10.2022

"Refleksiv müəllim" layihəsi üzrə ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat fənnindən seminar keçirilib

ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.

24 oktyabr tarixində Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Təranə Novruzova 2-ci sinif Azərbaycan dili dərsliyində olan “Sözlərin sətirdən sətrə keçirilməsi” mövzusu üzrə dərs icmalı təqdim edib.

Əvvəlcə  iştirakçılara seminarın formatı izah edilib və seminardan əldə olunacaq nəticələrə aydınlıq gətirilib. Sonra formata uyğun olaraq təqdimatçı dərsi təqdim edib, standartların reallaşdırılması prosesindən, iş formaları, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Seminar iştirakçıları isə dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər. 

Seminar zamanı dərsin məqsədi ilə standart arasında əlaqə, ev tapşırıqlarının düzgün izahı, tapşırıqların əvvəlki dərslərlə əlaqələndirilməsi, formativ qiymətləndirmə aparmaq üçün rubriklərin hazırlanması,  qiymətləndirmə zamanı dərsə müvafiq üsul və vasitələrdən istifadə və dərsin varislik prinsipinə əsaslanması  məsələləri ətrafında müzakirələr aparılıb. 

25 oktyabr tarixində isə Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Elyanə Abbasova 3-cü sinif riyaziyyat dərsliyində olan “Üçrəqəmli ədədlərin toplanması və çıxılması (yeni onluğun və yüzlüyün yaranması)” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarda təqdim olunan icmal əsasında fənlərarası inteqrasiya, diferensial yanaşma, konstruktiv rəyin verilməsi, qrup tapşırıqları hazırlayarkən onların tərtibi qaydaları, məzmun standartı ilə məqsəd arasında əlaqə, iş üsullarının seçilməsi, qiymətləndirmə meyarları, refleksiya suallarının tərtibi kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçılar rəy və təkliflərini bildiriblər. 

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.  

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.