19.10.2022

tehsilim.edu.az portalında yer alan tədqiqat, biznes, innovasiyalarla bağlı onlayn kursların tyutorları barədə məlumat

ARTİ tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes, innovasiyalarla bağlı onlayn kurslara tələbə qəbulu elan edilir. 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslara tələbə qəbulu elan edilir. Onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur. Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub. Aşağıda sözügedən kursların tyutorları haqqında geniş məlumat əldə edə bilərsiniz.

Elmar Əsgərzadə

Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasının bakalavr üzrə məzunudur. Həmtəsisçisi olduğu startap ilə ABŞ-ın Qlobal İnnovasiya, Elm və Texnologiya təşəbbüsü çərçivəsində Hyuston və Vaşinqton şəhərlərində biznes inkubasiya proqramının və “Climate-KIC” tərəfindən təşkil olunmuş “Maritime Climaccelerator” proqramının iştirakçısı olub. Hal-hazırda həmtəsisçisi olduğu startap şirkətində və Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzində fəaliyyət göstərir. 2020-ci ildə innovasiya və sahibkarlıq istiqamətində gənclər üçün Prezident mükafatına layiq görülüb. Elmar Əsgərzadə tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Sahibkarlıq təhsili və startap” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.

Elnur Kərimov

2016-cı ildə Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə bakalavr təhsilini başa vurduqdan sonra 2018-ci ildə Türkiyənin Marmara Universitetindən Özəl hüquq üzrə və 2021-ci ildə Yaponiyanın Kyushu Universitetindən Beynəlxalq iqtisadi və biznes hüququ üzrə magistr dərəcəsi alıb. Hazırda Yaponiyanın Kyushu Universitetinin hüquq üzrə doktorantıdır. Yaponiyanın MEXT Tədqiqat Proqramının 2020-ci ildən bəri təqaüdçüsüdür.
“Rənglərin əmtəə nişanı kimi mühafizəsi” mövzusunda türk dilində bir kitabın, əqli mülkiyyət hüququ, informasiya texnologiyaları və investisiya arbitrajı mövzularında Azərbaycan, Türkiyə, Polşa və İngiltərədə müxtəlif jurnal və kitablarda yayımlanmış Azərbaycan, türk və ingilis dillərində 12 məqalənin müəllifidir. Təhsil aldığı müddətdə Türkiyə, Rumıniya, İndoneziya və Yaponiyada keçirilmiş bir sıra elmi konfranslarda təqdimatçı kimi çıxış edib.
Elnur Kərimov 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq İnternet İdarəçiliyi Forumunda gənc səfir kimi Azərbaycanı təmsil edib. “LeGalaxy Azerbaijan” hüquqi resurs mərkəzi və bloq vebsaytının yaradıcısı və yazarıdır. Elnur Kərimov tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji  transfer və kommersiyalaşdırma” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.

Gülnar Cəfərova

2011-2015-ci illərdə Azerbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültənin "İbtidai sinif müəllimliyi" ixtisası üzrə bakalavr təhsilini tamamlayıb. Bu müddətin bir semestrini "Mevlana Mübadilə Proqramı" vasitəsilə Kastamonu Dövlət Universitesində təhsil alıb. 2015-2017-ci illəri əhatə edən magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsil Menecmenti" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə Türkiyə Dövləti Təqaüd Proqramı çərçivəsində Necmettin Erbakan Universitetinin "Təhsilin idarə olunması" ixtisası üzrə Doktorantura təhsilinə başlayıb. Hazırda bu təhsil səviyyəsinin son mərhələsindədir. "Müəllim liderliyinin şagirdlərin akademik göstəricilərinə təsiri: data əsaslı qərar vermənin vasitəçi rolu" adlı dissertasiya mövzusu üzərində çalışır. 

Liderlik, müəllim liderliyi, data əsaslı qərar vermə, tələbələrin ünsiyyət bacarıqları, təşkilatı öyrənmə, müəllimlərin işə inteqrasiyası, məktəbin  effektivliyi, məktəb mühiti və.s. mövzular maraq dairəsindədir və sözügedən sahələrdə akademik nəşrlərin müəllifidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (SABAH qruplarında) müəllim olaraq fəaliyyət göstərir. Gülnar Cəfərova tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Elmi işlərin yazılması və nəşri” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.

Müşərrəf Məmmədova

Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” üzrə alıb. Daha sonra 2014-cü ildə ADA Universitetində Diplomatiya və beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. Magistr təhsili müddətində 2015-ci ildə Litvada Vitatus Maqnus Universitetində mübadilə proqramında iştirak edib. 2016-cı ildə ADA Universitetində İnformasiya texnologiyaları və mühəndislik fakültəsində akademik məsləhətçi olaraq çalışıb. Eyni zamanda BP Azərbaycan və ADA Universitetinin birgə layihəsi olan “Big Data” mərkəzinin də layihə koordinatoru olub. O, ADA Universitetində “2020-nin Top Bacarıqları” və “Nitq mədəniyyəti və inandırma bacarıqları” fənlərini tədris edib. Həmçinin “İnklüziv təhsil”, “STEAM Azərbaycan”, “Rəqəmsal bacarıqlar” layihələrində müxtəlif vəzifələrdə çalışıb. O, ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsində fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasında təhsil və tədris üzrə katib vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan-Fransız Universitetində “Azərbaycan Respublikası Konstitusiyası” fənnini tədris edir. Bir çox yerli və xarici jurnallarda elmi məqalələri nəşr olunub. Müşərrəf Məmmədova tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Tədqiqat metodologiyası, təcrübələr və layihələr” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.

Rəhilə Kərimova

2010-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin bakalavr pilləsini İqtisadi kibernetika ixtisası üzrə bitirib. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ekonometriya və statistika fakültəsinin Ekonometriya ixtisası üzrə magistr pilləsini bitirib. 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Ekonometriya ixtisası üzrə doktorantıdır. 2013-2021-ci illərdə Belçika Krallığındakı Avropa Kommissiyası və Azərbaycan Respublikasındakı Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi (Aİ) kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” mərkəzində Ekonometriya fənni üzrə, 2021-ci ildən etibarən isə Azərbaycan Texniki Universitetində “SABAH” Magistratura qruplarında statistika fənni üzrə müəllim vəzifəsində çalışır. Rəhilə Kərimova tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Verilənlərin toplanması, təhlili və idarə edilməsi” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.

Qeyd edək ki, onlayn kurslara qeydiyyat üçün son tarix 21 oktyabr 2022-ci ildir. Maraqlanan şəxslər tehsilim.edu.az onlayn platformasına daxil olaraq qeydiyyat bölməsindən sözügedən kurslara qeydiyyatdan keçə bilərlər. 24 oktyabr 2022-ci il tarixindən etibarən onlayn kurslar start götürəcək.