19.10.2022

Müasir metodik xidmətin təşkili ilə bağlı təlimlər davam edir

ARTİ MDPİM müasir metodik xidmətin təşkili ilə bağlı təlimləri davam etdirir.

15 oktyabr tarixindən etibarən başlayan budəfəki təlimlərə Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən Regional Təhsil İdarələri tərəfindən müəyyənləşdirilmiş pilot məktəblərin direktor müavinləri cəlb olunublar.

Qeyd edək ki, müəyyənləşdirilmiş məktəblərdə ETN-nin metodik xidmətlə bağlı pilot layihəsi həyata keçiriləcək.

Təlimlərin əsas məqsədi ümumtəhsil məktəblərinin idarə heyətinin metodik xidmət göstərmək üçün səriştəliliyinin artırılmasıdır. 

Təlim müddətində iştirakçılar müəllim-şagird-valideyn münasibətləri, sinfin idarəolunması, öyrədici təlim mühitinin yaradılması, şagirdlərdə zəruri bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi, əlverişli təlim strategiyalarının tətbiqi, dərsdənkənar tədbirlərin hazırlanması ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Eyni zamanda onlar real dərslər üzərində dərsdinləmə prosesinin aparılması və dərsdinləmə meyarlarının müəyyən edilməsi ilə bağlı praktik məşğələlərdə iştirak edəcəklər.

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların adıçəkilən mövzular üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təşkil edilən təlimlərin mütəmadi şəkildə və hibrid formada təşkili nəzərdə tutulur.