13.10.2022

"Müasir məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri" mövzusunda dəyirmi masa keçirilib

12 oktyabr tarixində ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” və “Dalğa” uşaq bağçalarının pedaqoji kollektivi ilə “Müasir məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
  
Qeyd edək ki, təhsil sisteminin qarşısında duran dərin biliyə, bacarığa malik şəxsiyyət formalaşdırmaq, vətənini, xalqını sevən, hərtərəfli inkişaf etmiş sağlam nəsil yetişdirmək kimi mühüm vəzifələrin yerinə yetirilməsində məktəbəqədər təhsilin rolu böyükdür. Azərbaycan təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni yanaşmaların, fəal təlim metodlarının tətbiqi və onlardan səmərəli istifadənin təşkili təhsil sistemində ən vacib bir problem kimi qiymətləndirilir. Bu baxımdan, məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kollektiv də öz işini bu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmağa çalışır.