Qarabağ Dirçəliş Fondu tərəfindən görüş keçirilib
8 oktyabr tarixində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ali və özəl təhsil müəssisələrinin rəhbərləri, eləcə də ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
“İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı və idarə olunması” mövzusunda keçirilən görüş çərçivəsində Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu, bu sahədə əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsi ilə bağlı müvafiq layihələrin həyata keçirildiyini, təhsil müəssisələri ilə bağlı bərpa-quruculuq işlərinin davam etdiyini diqqətə çatdırıb. O bildirib ki, işğaldan azad edilən ərazilərə qayıdan insanların ilk növbədə bilik və bacarıqları nəzərə alınmalıdır.
Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. O, işğaldan azad edilmiş ərazilərin bərpasında təhsil müəssisələrinin böyük rolunun ola biləcəyini vurğulayıb.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, ARTİ-nin direktor müavini Ənvər Abbasov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova və digər qonaqlar da iştirak edib.
Yekunda “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib və Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara ianə sertifikatları təqdim olunub.