11.10.2022

Azərbaycan məktəbliləri ilk dəfə "EGOI 2022" - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcək

ARTİ-nin təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcək. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.  

Komandada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və Fidan Qarayeva (11-ci sinif), həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif) və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə Respublika Fənn Olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi müşayiət edəcək.

Proqramlaşdırma üzrə yeni yarışma olan “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası ilk dəfə ötən ilin iyununda İsveçrə tərəfindən keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər. Bu olimpiadanın məqsədi həm informatika fənninə qarşı qızların marağının artırılması, həm də İnformasiya Texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir. Bu baxımdan təşkilatçılar bu əməkdaşlığa olduqca yüksək qiymət verir, İT üzrə biliklərinin gücləndirilməsinin mühüm olduğunu vurğulayır. 

Azercell və ARTİ 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə bütün qızları və onların valideynlərini təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayır!