24.08.2022

Quba rayonunda Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib

ARTİ və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 24-də Quba rayonunda 3-cü Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib. 

Düşərgəyə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim qatılıb. Keçirilən düşərgədə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə daha ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat əldə edirlər. 

Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir.

Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi avqustun 26-a kimi davam edəcək.

Sonda düşərgə iştirakçılarına sertifikat təqdim ediləcək.