18.08.2022

"Maliyyə və Bankçılıq Kampusu" keçirilib

Şahdağ Hotelində 5 günlük “Maliyyə və Bankçılıq Kampusu” keçirilib. Kamp 2022 Azərbaycan gənclərinin maliyyə və bankçılıq sahəsində bilik, bacarıq və təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş ilk tədbirdir. Kampın keçirilmə məqsədi Azərbaycan gənclərini məlumatlandırmaq və ruhlandırmaq, həmçinin gənc iştirakçılar və təcrübəli məruzəçilər arasında qeyri-rəsmi, qarşılıqlı əlaqə və şəbəkələşmə imkanı yaratmaqdır.

Kampus xaricdə yaşayan azərbaycanlıların rəhbərlik etdiyi, Azərbaycanda təhsilin və inkişafın təşviqinə yönəlmiş Regional İnkişaf Təşəbbüsü (RDI) və ARTİ-nin sıx əməkdaşlığı ilə təşkil edilib.

Dünyanin 8 ölkəsindən gələn, maliyyə, bankçılıq, ali təhsil və sahibkarlıq sektorlarını təmsil edən yüksək səviyyəli mütəxəssislər Azərbaycanın gələcək maliyyəçilərini məlumatlandırmaq, ruhlandırmaq və beynəlxalq təcrübə ilə tanış etmək məqsədi ilə çıxışlar, təqdimatlar və seminarlar keçirib. Kampusda iştirak edən spiker və aparıcılar vaxtlarını könüllü olaraq sərf edib.

Açılış gecəsinin əsas nitqini "DNA Payments" şirkətinin həmtəsisçisi və baş direktoru Arif Babayev edib. Kampusda spiker qismində tanınmış şirkətlərdən olan şəxslər həmçinin maliyyə və bank sistemində geniş təcrübəyə malik idarəedicilər olub. Onlardan “OneDome”un təsisçisi və baş direktoru Babək İsmayıl “Ticarət mərkəzindən startap dünyasına”, Bakı Limanının baş direktoru Taleh Ziyadov “Azərbaycanın qovşaq strategiyası və Bakı Limanının rolu”, “Serica Energy” şirkətinin neft üzrə iqtisadçısı Azər Əliyev “Neft və qaz iqtisadiyyatına giriş”, BMTİP-in Kəşfiyyat şöbəsinin rəhbəri Leyla Seyidzadə “Biznesdə qadınlar: maneələrin aradan qaldırılması”, "eManat" şirkətinin baş direktoru Ruslan Talıbov “Azərbaycan FinTech Ekosistemi”, ADA Universitetinin professoru Füzuli Əliyev “Azərbaycanda maliyyə və bankçılıqda trendlər”, “GTI Energy” şirkətinin idarəedici direktoru Seymur Xəlilov “Energetika bazarlarında ən son nailiyyətlər” mövzularında çıxış edənləri sadalaya bilərik.

Qeyd edək ki, kampusda tələbə və gənc mütəxəssislərdən ibarət 26 iştirakçı iştirak edib. Tədbirə Guavapay (Böyük Britaniya), Port of Baku (Azərbaycan), Simbrella (Azərbaycan), SOCAR Trading (İsveçrə) kimi kompaniyalar sponsorluq edib.

Kampus haqqında ətraflı məlumatı www.rdinitiative.com saytından əldə edə bilərsiniz.