30.06.2022

ARTİ tərəfindən informatika fənni üzrə seminar təşkil edilib

ARTİ-nin MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə təşkil etdiyi seminarlar davam edir.

Budəfəki seminar 29 iyun tarixində ARTİ MDPİM-də informatika fənni üzrə təşkil edilib.  

Seminarın təşkilatçısı ARTİ MDPİM-in əməkdaşı Turan İslam giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və görüşün planını təqdim edib.

Seminarda informatika fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verilib və iştirakçılar MİQ imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə bağlı məlumatlandırılıb.

Eyni zamanda əvvəlki illərdə imtahanlarda istifadə olunan, həmçinin yeni sual nümunələri təqdim edilib və bu nümunələrin iştirakçılarla birlikdə həll yolları müzakirə edilib.

Seminarda Bakı Avropa Liseyinin müəllimi Şəfəq Ələkbərova, Bakı Mühəndislər Universitetinin müəllimi Elməddin Hüseynov, Azərbaycan Universitetinin müəllimi Gündüz Mirzəbəyli, 279 saylı tam orta məktəbin müəllimi Anar Əhədli çıxış ediblər.

Qeyd edək ki, MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə mütəmadi olaraq ayrı-ayrı fənlər üzrə seminarların keçirilməsi planlaşdırılır.