17.06.2022

Azərbaycan ilk dəfə TALIS-də iştirak edəcək!

Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma (TALIS) iştirakçı ölkələrin və iqtisadiyyatların, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD), TALIS beynəlxalq konsorsiumun, Beynəlxalq və Avropa Təhsil Komissiyasının birgə əməkdaşlığı çərçivəsində yaradılıb (OECD, 2021). Qeyd olunan beynəlxalq qiymətləndirmə tədqiqatı OECD və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA)  tərəfindən idarə olunur, bütün prosedurlar bu iki qurum tərəfindən müəyyənləşdirilir və həyata keçirilir (IEA, 2021).

Tədris prosesini peşəkar səviyyədə müzakirə etmək məqsədilə TALIS müəllimlərin və direktorların  təcrübələri, tədrisə dair baxışları, peşəkar inkişafı, həmçinin onların işinin qiymətləndirilməsi, müxtəlif idarəetmə və iş yeri ilə əlaqəli problemlər kimi məsələləri araşdırır. TALIS-in əsas üstünlüklərindən biri əldə edilən məlumatlar əsasında müxtəlif ölkələr arasında təhsil siyasətləri üzrə müqayisələr apara bilməkdir (Darling-Hammond və Burns, 2014).

TALIS ilk dəfə 2008-ci ildə keçirilib, periodik olaraq sonrakı tədqiqatlar 2013 və 2018-ci illərdə təşkil edilib. Növbəti tədqiqat isə 2024-cü ildə keçiriləcək və Azərbaycanın TALIS-dəki ilk iştirakı həmin il olacaq. TALIS-də iştirak edən ölkələrin sayı hər bir tədqiqat dövrü üçün artmaqdadır: 2008-ci ildə 24 ölkə, 2013-cü ildə 38 ölkə, 2018-ci ildə isə 48 ölkə. TALIS-də əsas hədəf qrup ümumi orta təhsil səviyyəsində çalışan müəllim və direktorlardır. Təhsil sistemlərinin  ibtidai təhsil və ya tam orta təhsil üzrə sorğunu təşkil etmək imkanları vardır. Ancaq əksər ölkələr əsasən ümumi orta təhsil səviyyəsi üzrə sorğunu həyata keçirirlər (NCES, 2021). 2018-ci ildəki tədqiqatda ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumilikdə 260 mindən çox müəllim, 15 min direktor iştirak edib (OECD, 2021).

Azərbaycanda TALIS qiymətləndirmə tədqiqatı ARTİ tərəfindən həyata keçirilir.

TALIS haqqında daha ətraflı məlumat OECD-nin rəsmi veb-səhifəsindən əldə oluna bilər:

https://www.oecd.org/education/talis/