13.06.2022

İlk Beynəlxalq Qiymətləndirmə Düşərgəsi təşkil ediləcək

Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsi birlikdə 27-29 iyun tarixində Şəki rayonunda ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsi təşkil edəcək.

Düşərgənin təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir. Eyni zamanda düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqların rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar. 

Düşərgə vasitəsi ilə iştirakçılar Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaq, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar.