06.06.2022

"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə həyata keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və BMT-nin Uşaq Fondu UNİCEF-in dəstəyi ilə ötən ilin sentyabr ayından cari ilin may ayınadək ölkəmizin 6 bölgəsi (Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonları) üzrə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihə həyata keçirilib. 

Layihənin ikinci, “Təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” komponentinə uyğun olaraq seçilən 15 mentor tərəfindən ölkəmizin adıçəkilən 6 bölgəsinin diaqnostik qiymətləndirilmədən zəif nəticə göstərən 75 müəlliminə 4 ay müddətində hər müəllimə 42 saat olmaqla fərdi dəstək xidməti təmin edilib. Bu müddət ərzində müəllimlərin pedaqoji fəaliyyətlərində mövcud olan çatışmazlıqlar müəyyən edilib, hər müəllim üçün konkret məqsədlər qoyularaq fərdi inkişaf planı hazırlanıb və bu istiqamətdə onlara dəstək göstərilib.

Mentorluq xidmətinin ilkin mərhələsində məlum olub ki, müəllimlərin peşəkar bilik və bacarıqlarında olan boşluqlar əsasən planlaşdırma, tədris prosesinin təşkili, sinfin idarəolunması, kurikulumun və İKT-nin tətbiqi, qiymətləndirmə meyarlarını müəyyən etməni əhatə edir. Sözügedən meyarlar üzrə göstərilən 4 aylıq mentorluq xidmətindən sonra müəllimlərin peşəkar fəaliyyətində müşahidə olunan inkişaf infoqrafikada təsvir olunub.

Qeyd edək ki, “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsi üzrə müəllimlərin peşəkar inkişafına mentorluq dəstəyinin icra müddəti 2021-ci ilin noyabr – 2022-ci ilin fevral aylarını əhatə edib.