17.05.2022

AzTU-nun "SABAH Magistratura" tələbələri üçün "Dəniz nəqliyyatı və Liman logistikası" təlimi keçirilib

 ARTİ və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə AzTU-nun “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün təlim keçirilib.

“Dəniz nəqliyyatı və Liman logistikası” adlı təlim kursu nəzəri və praktiki hissədən ibarət olub.

Təlimin 1-ci hissəsi AzTU-da Bakı Limanının Təlim Mərkəzinin ixtisaslaşmış heyəti tərəfindən keçirilib və 2 həftə davam edib. Sözügedən hissədə dünyada və ölkəmizdə dəniz yolu ilə yükdaşımaların tarixi və bu daşımaları nizamlayan beynəlxalq Konvensiya sazişləri və qaydalar, dəniz daşımalarında istifadə olunan gəmilər və konteynerlər, yüklərin yüklənib-boşaldılmasında tətbiq olunan mexanizm və avadanlıqlar, yüklərin qəbulu üçün anbarların hazırlanması, dispetçer xidmətləri kimi mövzular əhatə olunub.

Təlimin praktiki hissəsi isə yaxın günlərdə Ələt qəsəbəsində yerləşən limanda baş tutacaq. Səfər çərçivəsində tələbələr limanın ərazisi, terminalları və yükdaşıma əməliyyatları ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, 24 fevral 2022-ci il tarixində ARTİ ilə Bakı Limanı arasında AzTU-nun “SABAH Magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.